BAKI, 11 avqust. TELEQRAF
İran Ermənistanın Baş naziri Nikol Paşinyanla Prezident Məsud Pezeşkian arasında telefon danışığının stenoqramını dərc edib.
Teleqraf xəbər verir ki, Pezeşkian Qafqaz dəhlizinin xarici güclərin hegemon məqsədlərinə çatmaq üçün alətə deyil, sülh və inkişaf yoluna çevrilməsinin təmin edilməsinin vacibliyini vurğulayıb.
İran prezidenti “iqtisadi sərmayələr və sülhü təmin etmək” iddiaları altında Qafqazda hegemon məqsədlər güdə bilən ABŞ-nin mümkün hərəkətləri ilə bağlı sayıqlığın və xüsusi ehtiyatlılığın zəruriliyini vurğulayıb.
Pezeşkian həmçinin qeyd edib ki, İran və Ermənistan arasında münasibətlər strateji xarakter daşıyır, iki ölkə arasında qarşılıqlı fəaliyyət konstruktivdir, mehriban qonşuluq və bir-birinin ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında qurulur:
“Prinsipial və məntiqli yanaşmaların qəbul edilməsi həmişə Tehran və İrəvan arasında dostluq əlaqələrinin möhkəm təməli olub və bu tarixi və dərin münasibətlərə xələl gətirmək cəhdi qəti şəkildə rədd ediləcək və qəbuledilməz hesab olunacaq”.
İran prezidentinin iddiasına görə, Tehran regionda region ölkələri arasında sülhün möhkəmlənməsinə səbəb olacaq hər hansı razılaşmanı alqışlayır.
Pezeşkian İran, Azərbaycan və Ermənistan arasında mehriban qonşuluq münasibətlərinin dəyərini vurğulayaraq, bu əlaqələrin davam etdirilməsi və möhkəmlənməsinin ayıq-sayıqlıq, koordinasiya və hər hansı kənar müdaxilədən qaçınmaqdan asılı olduğunu qeyd edib.
Xatırladaq ki, bundan əvvəl Ermənistan baş nazirinin mətbuat xidməti Nikol Paşinyanın Məsud Pezeşkianla telefon danışığı barədə məlumat yaymışdı.