BAKI, 9 avqust. TELEQRAF
“Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-də beynəlxalq mövqelərini daha da gücləndirdi”.
Teleqraf xəbər verir ki, bunu erməni politoloq Vahe Ovannisyan avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında keçirilən görüşün nəticələrini şərh edərkən deyib.
“Əliyev yeni mövqe üstünlüyü əldə etdi. Xüsusən də Minsk qrupunun ləğv edilməsi və (Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında) maneəsiz yol məsələsinin beynəlxalq sənədlə təsdiqlənməsi baxımından”, - ekspert bildirib.
Ovannisyan qeyd edib ki, “Tramp yolu” adlandırılan xətt dəhlizi məntiqi ilə işləyəcək.
Erməni analitik hesab edir ki, ABŞ-də əldə edilmiş razılaşmalar Azərbaycanla yanaşı, Türkiyənin də regionda nüfuzunu gücləndirəcək:
“Bölgədə yaranan yeni reallıq şəraitində Türkiyənin daha da güclənməsi ehtimalı və Ermənistana təsir imkanları kəskin şəkildə artır. Bunu daxili iqtisadi, siyasi və gündəlik həyatımızda hiss edəcəyik”.