BAKI, 8 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan liderləri ilə bu gün keçirəcəyi görüşünü “tarixi sülh sammiti” adlandıraraq, özünü dünyanın aparıcı sülhməramlısı kimi təqdim edib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin “Axios” qəzeti yazıb.
Nəşrin bildirdiyinə görə, ABŞ-nin vasitəçiliyi ilə imzalanacaq saziş sülhü təmin etmək məqsədi daşıyır, həm də bu, mühüm iqtisadi komponentə malikdir:
“Ermənistan ABŞ tərəfindən hazırlanacaq və “Beynəlxalq Sülh və Rifah üçün Tramp Dəhlizi” adlandırılacaq 43,5 km-lik dəhlizin öz ərazisindən keçməsinə razılıq verib. Bu, Azərbaycanın əsas hissəsini Türkiyə sərhədindəki anklavı (Naxçıvan) ilə birləşdirəcək.
Maraqlıdır ki, dəhliz insanlar və malların İran və ya Rusiyadan keçmədən Türkiyə ilə Azərbaycan arasında və onun hüdudlarından kənara - Orta Asiyaya daşınmasına şərait yaradacaq. Hazırda bu, mümkün deyil, çünki Ermənistan-Azərbaycan sərhədi bağlıdır”.
Nəşr qeyd edib ki, İran bu layihənin qəti əleyhinədir, Rusiya da onu tənqid edib, Türkiyə isə lehinədir.
“Amerikalılar bu yolunu açmaqla, yeni ticarət çərçivəsində ildə milyardlarla dollar qazanacaqlar. Rusiya, İran və Çin öz “təsir zonaları” hesab etdikləri bölgədə təsirlərini itirirlər”, - məqalədə vurğulanıb.
“Axios” əlavə edib ki, ABŞ ilə danışıqlar zamanı Ermənistan dəhlizə qarşı müqavimətindən əl çəkib:
“Tramp administrasiyasının prosesdə iştirakı martda Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffun Moskvadan Bakıya gözlənilməz səfəri ilə başlayıb. Səfərdən sonra Uitkoff diplomatik səylərə rəhbərlik etmək üçün komandasında xüsusi dövlət qulluqçusu olan Aria Laytstounu təyin edib. Laytstoun tərəflərlə danışıqlar aparmaq üçün bölgəyə beş səfər edib”.
Mənbə bir neçə ay davam edən müzakirələrin yekununda ABŞ-nin Azərbaycan və Ermənistanla razılaşma əldə etdiyini vurğulayıb.