BAKI, 23 iyul. TELEQRAF
Ermənistan Zəngəzur dəhlizini ABŞ şirkətinə verməyə razılaşdığı iddia edilir.
Teleqraf xəbər verir ki, bu barədə İspaniyanın "Periodista Digital" saytının dərc etdiyi məqalədə deyilir.
Məqalədə Azərbaycan, Ermənistan və ABŞ arasında gizli memorandum imzalandığı iddia olunur. İddia müəllifləri Fransadakı erməni diasporunun bir üzvünə istinad edirlər.
Belə ki, memorandumda Zəngəzur dəhlizinin açılacağı və bu dəhlizin "Tramp körpüsü" adlandırılacağı bildirilir. Bundan əlavə, ABŞ özəl hərbi şirkətinin 1000-ə yaxın əməkdaşının Ermənistana yerləşdiriləcəyi qeyd olunur.
Erməni diasporunun sifarişi ilə yazıldığı aydın olan məqalə Ermənistanın siyasi rəhbərliyinin iddia edilən memorandumu "milli xəyanət", İran və Avropa İttifaqı əleyhinə atılmış addım hesab edir.
Halbuki, Zəngəzur dəhlizinin və ümumilikdə regiondakı kommunikasiya xətlərinin açılmasının Azərbaycan və Ermənistan başda olmaqla bütün regional və qlobal güclərin marağındadır. Məqalə müəllifləri isə bu real vəziyyəti görmək istəməyərək erməni diaporunun çirkin məqsədlərini yerinə yetirirlər. Diasporun xəstə təxəyyülü və neofaşist mahiyyəti bu məqalədə də özünü göstərir.
