TBİLİSİ, 17 iyul. TELEQRAF
Ötən ilin mayında Gürcüstanın Qardabani rayonunda Şəhla İsmayılovanı qəddarlıqla qətlə yetirən qardaşı ömürlük həbs cəzasına məhkum edilib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, Tbilisi Apellyasiya Məhkəməsi Gürcüstan Baş Prokurorluğunun vəsatəti əsasında Rustavi Şəhər Məhkəməsinin hökmünü dəyişib.
Rustavi Şəhər Məhkəməsi 24 yaşlı gənci 18 il müddətinə azadlıqdan məhrum etmişdi.
İstintaqla müəyyən edilib ki, gənc bacısı Ş.İsmayılovanın həyat yoldaşından ayrılmasını ailənin şərəfinə təhqir kimi qiymətləndirib. O, 2024-cü ilin mayın 16-da avtomobili ilə Qardabanidə bacısını vurub, daha sonra ona dörd dəfə bıçaqla ağır xəsarətlər yetirdikdən sonra hadisə yerindən qaçıb. Ş.İsmayılova aldığı yaralardan yerindəcə həyatını itirib. Onun iki azyaşlı övladının qaldığı bildirilir.
Ş.İsmayılovanın qardaşı elə həmin gün saxlanılıb və ona qarşı köməksiz vəziyyətdə olan şəxsi qəsdən öldürmə, cinsi mənsubiyyətinə görə öldürmə, ailə üzvünün qəsdən qətlə yetirilməsi və xüsusi qəddarlıqla qətlə yetirmə maddələri üzrə ittiham irəli sürülüb.