TBİLİSİ, 3 iyul. TELEQRAF
Gürcüstanın xarici işlər nazirinin müavini Aleksandre Xvtisiaşvilinin İranın Tbilisidəki səfirliyinə gedib başsağlığı verməsini İsrail səfirliyi narazılıq və məyusluqla qarşılayıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, İsrail səfirliyi etiraz bəyanatı yayaraq XİN başçısı müavininin İran səfirliyində həmrəylik mərasimində iştirakını “mənəvi baxımdan yanlış” adlandırıb.
Məsələyə münasibət açıqlayan Gürcüstan XİN-dən bildirilib ki, İran səfirliyi başsağlığı kitabının açılması barədə XİN-ə iyunun 26-da rəsmi nota ilə müraciət edib, kitabda İran vətəndaşlarının həlak olması ilə bağlı müvafiq qeyd yazılıb.
Qeyd edək ki, İranın Gürcüstandakı səfirliyinin ötən gün yaydığı məlumatında bildirilib ki, A.Xvtisiaşvili “İsrail rejiminin İranın ərazi bütövlüyünə hərbi hücumu zamanı” həlak olanların xatirəsinə həsr olunan tədbirdə başsağlığı kitabında qeyd qoyub. Mərasimə Azərbaycan, Türkmənistan, Qazaxıstan, Ermənistan səfirləri, müsəlman icmasının nümayəndələri də qatılıb.
