BAKI, 28 iyun. TELEQRAF
İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin iyunun 27-də İrəvanda keçirdiyi mətbuat konfransındakı davranışı etiraz doğurub.
Teleqraf xəbər verir ki, səfirin ABŞ-nin “Azadlıq” radiosunun əməkdaşını konfransdan qovması birmənalı qarşılanmayıb.
“Respublika Naminə” partiyasının sədri Arman Babacanyan Sübhaninin davranışını yersiz hesab edərək, bunun qəbuledilməz olduğunu bildirib:
“Ermənistandakı hər hansı bir ölkənin səfiri, hətta bizə ən mehriban ölkə olsa belə, mətbuat konfransında hansısa media orqanının iştirak edib-etməməsi və ya onun oradan kənarlaşdırılması barədə qərar qəbul edə bilməz, onun belə bir hüququ yoxdur.
İran səfiri Mehdi Sübhaninin bu addımı Ermənistana hörmətsizlikdir. Bu, təkcə “Azadlıq” radiosunun jurnalistinə deyil, həm də Ermənistanın ictimai qurumlarına, mətbuatına, ümumilikdə dövlətçiliyimizə təhqirdir, belə bir hərəkət bütün səviyyələrdə pislənilməlidir.
Təşkilatçılar mətbuat konfransını davam etdirməklə həmin qəbuledilməz davranışa şərik olublar.Halbuki bu şəraitdə tədbiri keçirməkdən imtina etməli idilər. Cənab səfir, bura bizim ölkədir (İran deyil)”.
Qeyd edək ki, Mehdi Sübhani dünənki mətbuat konfransında “Azatutyun”un (“Azadlıq”) "İranın düşmənlərinə xidmət etdiyini" əsas gətirərək, radionun əməkdaşının tədbirdə iştirakına etiraz edib. Səfir təşkilatçılara şərt qoyub ki, radionun əməkdaşı tədbirdən uzaqlaşdırılmasa, özü salonu tərk edəcək.
Sonda təşkilatçılar İran səfirinin şərtini yerinə yetiriblər.