BAKI, 7 iyun. TELEQRAF

İyunun 7-də Ermənistan parlamentindəki “Şərəfim var” fraksiyası tərəfindən baş nazirliyə namizəd kimi irəli sürülən Masis şəhərinin meri Davit Ambarsumyan açıqlama verib.

Teleqraf xəbər verir ki, Baş nazir Nikol Paşinyan və komandasını “şər qüvvə” adlandıran siyasətçi məqsədinin Ermənistanı onlardan təmizləmək olacağını bildirib.

D.Ambarsumyan Paşinyan üzərində qələbənin mümkünlüyünə diqqət çəkib:

“Bu, məsuliyyəti, təhlükələri və hamımızın arzuladığımız real qələbənin mümkünlüyünü dərindən dərk edərək qəbul etdiyim zəruri təklifdir. Mən mübarizədə tərəfsiz yanaşmanın tərəfdarıyam. Bütün müxalifətçiləri səmimi birləşməyə çağırıram və bütün bu kimi çağırışlara cavab verməyə hazıram. Məqsədim birdir: şərdən qurtulmaq”.

Davit Ambarsumyanın namizədliyi sabiq prezident Serj Sərkisyanın sədri olduğu Respublika Partiyasının İdarə Heyətinin təqdimatı əsasında bu partiyanın parlamentdəki fraksiyası tərəfindən irəli sürülüb. Partiyanın məqsədi Baş nazir Nikol Paşinyana qarşı impiçment prosesini başlatmaqdır.