TBİLİSİ, 4 iyun. TELEQRAF

Gürcü vəkil Ana Jğentinin “TikTok” platformasında Samtsxe Cavaxeti bölgəsində separatizm meylləri barədə çıxışı Gürcüstanın erməni icmasının narazılığına səbəb olub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, o, öz videoçıxışında hamını Gürcüstanı öz dövləti kimi qəbul etməyə çağırıb.

A.Jğentini antierməni ritorikasında və nifrət yaymaqda ittiham edən erməni icması vəkillə bağlı onun üzv olduğu Gürcüstanın Vəkillər Assosiasiyasının Etika komissiyasına şikayət ünvanlayıb. İcma rəhbəri Artur Mirzoyan komissiyadan lazımi reaksiyanı gözlədiyini bildirib.

Vəkil Samtsxe Cavaxeti bölgəsində fəaliyyət göstərən “Jnews” informasiya portalına açıqlamasında bildirib ki, videoda vəkil kimi deyil, Gürcüstan vətəndaşı kimi çıxış edib.

Qeyd edək ki, A.Jğenti 1998-ci ildən vəkillik edir. O, 2006-cı ildən Gürcüstanın Vəkillər Assosiasiyasının üzvüdür. Tbilisidə onun hüquq firması fəaliyyət göstərir.