TBİLİSİ, 3 iyun. TELEQRAF
Gürcüstanın azərbaycanlıların sıx yaşadıqları Kvemo Kartli bölgəsində əsaslı təmir olunmuş iki dövlət məktəbinin açılışı olub.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, Gürcüstanın təhsil, elm və gənclər naziri Aleksandre Tsuladze Qardabani 1 saylı və Marneuli rayonunun Baydar kənd məktəbində görülmüş işlər və tədris prosesi ilə tanış olub.
Hər iki məktəbdə fənn otaqları və laboratoriyalar, akt zalı, qapalı və açıq idman infrastrukturu, rekreasiya məkanları yaradılıb, həmçinin resurs otağı, həkim otağı, yeməkxana və kitabxana fəaliyyət göstərir.
Təhsil ocaqları təhlükəsizlik sistemləri ilə təchiz olunub və fiziki imkanları məhdud şəxslər üçün tam adaptasiya edilib.
Məktəblərin təmir-bərpası layihələrinə 8,5 milyon lari həcmində vəsait sərf olunub.
Qardabaninin Levan Davdariani adına 1 saylı dövlət məktəbində 665, Baydar kənd məktəbində isə 400 şagird təhsil alır.
