BAKI, 3 iyun. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan komanda üzvlərinə regional yeparxiyaların rəhbərlərinin ictimaiyyətdən gizlədilən fəaliyyətlərinə dair məlumatları toplamağı tapşırıb.

Teleqraf xəbər verir ki, bu barədə “İravunk” qəzeti məlumat yayıb.

“Hakim “Vətəndaş Müqaviləsi” Partiyasındakı mənbələrimizin verdiyi məlumata görə, Paşinyan istisnasız olaraq bütün partiya üzvlərinə Erməni Apostol Kilsəsinin regional yeparxiyalarının rəhbərləri haqqında kompromat toplamaq tapşırıb. O, Sünik (Qərbi Zəngəzur) və Lori yeparxiyalarının ruhaniləri ilə bağlı üzəri örtülmüş faktların tapılmasını xüsusi qeyd edib”, - məlumatda deyilir.

Xatırladaq ki, Nikol Paşinyanla erməni kilsəsi arasında münasibətlər son illərdə, xüsusən də hökumət nümayəndələrinin bütün ermənilərin katolikosu II Qareginin istefasını tələb etməsindən və onun 44 günlük müharibədə Azərbaycana məğlubiyyətə görə Ermənistan hakimiyyətini kəskin tənqid etməsi səbəbindən pisləşib.

Ermənistan baş naziri və həyat yoldaşı Anna Akopyan ötən günlərdə sosial mediada kilsə xadimlərinə qarşı sərt ittihamlar irəli sürmüş, onları subaylıq andlarını pozmaqda və pediofiliyada ittiham etmişdi.