BAKI, 27 may. TELEQRAF

Ermənistan parlamentinin sədri Alen Simonyan separatçıların və ya ləğv edilmiş qondarma qurumun qalıqlarının İrəvandakı fəaliyyətlərinə etiraz edib.

Teleqraf xəbər verir ki, o, bu cür fəaliyyətlərə Azərbaycandan adekvat cavabların olduğunu deyib.

“Qarabağ təmsilçiləri (separatçılar) özlərinə “yeni prezident” seçirlər, bəyanatlar verirlər və buna cavab olaraq Azərbaycanın bəyanatlarını eşidirik. Qarabağın nümayəndələri “parlament sədri” seçirlər, Azərbaycan isə bəyan edir ki, mən də gələcəyəm, girəcəyəm və Qərbi Azərbaycanı quracağam”, - spiker bildirib.

Alen Simonyan qeyd edib ki, bu bəyanatlar separatçıların atdığı addımlara Azərbaycanın “güzgü cavabı”dır.

Xatırladaq ki, Azərbaycanın Ermənistana qarşı ərazi iddialarının olmadığını dəfələrlə bəyan edib. Qərbi Azərbaycan isə soydaşlarımızın öz ata-baba yurdlarına qayıdışını nəzərdə tutan məsələdir. Ermənistandan fərqli olaraq, Azərbaycanın heç bir qonşusuna, o cümlədən Ermənistana qarşı ərazi iddiası yoxdur. Ermənistan konstitusiyasında ölkəmizə qarşı açıq ərazi iddiaları isə fərqli məqamlardan xəbər verir. Rəsmi Bakı bu kimi məsələlərin tam həlli üçün öz təkliflərini verib, sülh sazişinin imzalanması təşəbbüsünü irəli sürüb. Dayanıqlı sülh sazişinin imzalanması isə Ermənistan konstitusiyasında zəruri dəyişikliklərdən sonra mümkündür.