BAKI, 7 mart. TELEQRAF

Ermənistan parlamentinin spikeri Alen Simonyan yayda İrəvana gələcək rusiyalı həmkarı Valentina Matviyenkonu necə qarşılayacağı ilə bağlı qərarsızdır.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Joqovurd” qəzeti yazır.

Nəşr bununla bağlı Ermənistan parlamentinin rəhbərinə belə bir sorğu göndərib:

“2022-ci il sentyabrın 17-də siz ABŞ Konqresinin Nümayəndələr Palatasının o vaxtkı sədri Nensi Pelosini hava limanında bir buket güllə qucaqlayıb qarşılayanda Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bu isti münasibətdən məəttəl qalmışdı. Cavab olaraq, siz söz vermişdiniz ki, Ermənistana gələndə onu da belə qarşılayacaqsınız. Matviyenko yaxın vaxtlarda Ermənistana gələcək, ona görə də biz bilmək istəyirik ki, siz vədinizə əməl edib, onu təyyarənin pilləkənlərində qucaqlayaraq qarşılayacaqsınız?”

“Joqovurd”un yazdığına görə, Alen Simonyan hələ də bilmir ki, vədini yerinə yetirəcək, ya yox.

“Bu, “İnformasiya azadlığı haqqında” qanuna bağlı sual deyil”, - erməni spikerin ofisindən nəşrə deyilib.

Xatırladaq ki, Rusiya Federasiya Şurasının sədri ilkin razılığa əsasən, iyunun 5-6-da İrəvanda olacaq.