BAKI, 5 mart. TELEQRAF

Pekində Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan və çinli həmkarı Li Binin sədrliyi ilə Ermənistan və Çin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

Teleqraf xəbər verir ki, məsləhətləşmələr zamanı tərəflər ikitərəfli siyasi dialoqun yüksək səviyyədə olduğunu vurğulayıblar və bunun daha da dərinləşdirilməsi üçün atılacaq addımları müzakirə ediblər.

Çin Ermənistanın siyasi müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü, Ermənistan da “Vahid Çin” prinsipini dəstəklədiyini bildirib.

İkitərəfli münasibətlərin gündəliyində duran bir çox məsələlər, o cümlədən siyasi, ticari-iqtisadi, kənd təsərrüfatı, nəqliyyat, mədəni və humanitar sahələr müzakirə edilib.

Tərəflər nəqliyyat dəhlizləri ilə bağlı İrəvanın “Sülh qovşağı”, Pekinin “Bir Kəmər, Bir Yol” layihələri ətrafında fikir mübadiləsi aparıblar. Bu çərçivədə infrastruktur layihələrinin həyata keçirilməsinə xüsusi diqqət yetirilib.