BAKI, 18 avqust. TELEQRAF
Çinin Ali Xalq Prokurorluğu XIII çağırış Ümumçin Xalq Siyasi Məşvərət Şurasının Milli Komitəsinin Təhsil, Elm, Səhiyyə və İdman Komitəsinin keçmiş sədr müavini Lyu Hueyin həbs edilməsinə göstəriş verib.
Teleqraf “Sinxua”ya istinadla xəbər verir ki, o, külli miqdarda rüşvət almaqda şübhəli bilinir.
Lyu Huey bundan əvvəl Çinin Ninsya-Huey Muxtar Rayonunda yüksək vəzifəli partiya postlarında, həmçinin Milli İşlər üzrə Dövlət Komitəsinin partiya qrupunun katib müavini vəzifəsində çalışıb. O, tutduğu vəzifədən istifadə edərək, külli miqdarda rüşvət müqabilində digər şəxslər üçün mənfəət əldə etməyə çalışıb. Prokurorluq bildirib ki, Lyu Huey rüşvətxorluğa görə cinayət məsuliyyətinə cəlb edilməlidir.
Çində korrupsiyaya qarşı mübarizə 2012-ci ildə Si Cinpinin hakimiyyətə gəlməsindən sonra daha da güclənib. O, korrupsiyanı “partiyanın yaşamaq qabiliyyətini və mübarizə gücünü təhlükə altına qoyan xərçəng şişi” adlandırıb.
Son bir neçə il ərzində genişmiqyaslı antikorrupsiya kampaniyası nəticəsində yüksək səviyyəli dövlət məmurları, iri şirkət rəhbərləri və sıravi dövlət qulluqçuları vəzifələrindən uzaqlaşdırılıb və bəziləri ömürlük həbs də daxil olmaqla, müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər.