BAKI, 18 may. TELEQRAF

Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) Oş regional idarəsinin rəisi Kanat Tabaldiyev etnik nifrəti qızışdırmaq cəhdlərinə görə cinayət məsuliyyəti ilə bağlı xəbərdarlıq edib.

Teleqraf xəbər verir ki, bəyanat Oş vilayətinin bir kəndində torpaq məsələsinin müzakirəsi zamanı verilib.

Tabaldiyevin sözlərinə görə, mübahisə əvvəllər Özbəkistan vətəndaşına məxsus olan və sonradan Qırğızıstan vətəndaşları tərəfindən satın alınan torpaq sahəsi ilə bağlıdır.

Bəzi yerli sakinlər amnistiyaya daxil olan 24 torpaq sahəsinin qanuniləşdirilməsini istəyirlər.

Çıxışı zamanı Dövlət Təhlükəsizlik Komitəsinin nümayəndəsi mübahisənin millətlərarası ölçüyə qədər şişirdilməməsinə çağırıb:

“Biz, Qırğızıstan vətəndaşları, heç vaxt etnik mənsubiyyətə görə bölünməməliyik. Millətlərarası məsələləri qaldıranlar 7,5 ildən 12 ilə qədər həbs cəzası ilə üzləşirlər”.

Tabaldiyev bütün məsələlərin qanun çərçivəsində nəzərdən keçiriləcəyini və nifrəti qızışdırmaq cəhdlərinin təhlükəsizlik xidmətləri tərəfindən cavabsız qalmayacağını vurğulayıb:

“Biz etnik mənsubiyyətimizdən asılı olmayaraq bir xalq və bir dövlətik. Etnik nifrəti qızışdıranlar bağışlanılmayacaq”.