BAKI, 20 fevral. TELEQRAF
Qırğızıstan Prezidenti Sadır Japarov dövlət idarəçiliyində gender balansını təmin etmək məqsədilə “Bəzi fərmanlara dəyişikliklər edilməsi haqqında” fərman imzalayıb.
Teleqraf xəbər verir ki, sənəd yalnız müəyyən siyasi dövlət və bələdiyyə vəzifələrini tutmaq üçün kadr ehtiyatının formalaşdırılmasına yönəlməyib.
Dövlət və bələdiyyə idarəetmə sistemində qadınların daha geniş iştirakını təmin etmək, dövlət və bələdiyyə qulluğunda kadr potensialının fəaliyyətində bərabər imkanlar və ədalətli rəqabət prinsiplərini birləşdirən dayanıqlı və institutsional şərait yaratmaq məqsədi də daşıyır.
Müəyyən siyasi dövlət və bələdiyyə vəzifələri üçün kadr ehtiyatının yaradılması və fəaliyyət göstərməsi çərçivəsində aşağıdakı vəzifələrin icrası nəzərdə tutulur:
- Kvota sisteminin tətbiqi - bir cinsin nümayəndələrinin 70 faizdən artıq olmamasını təmin etmək;
- Gender balansının qorunması - kadr ehtiyatında az təmsil olunan cinsin namizədlərinə üstünlük verilməsi;
- Peşəkar inkişaf sisteminin tətbiqi və lider qadınların dövlət və bələdiyyə qulluğunda rəhbər vəzifələrə bərabər çıxış imkanlarının yaradılması, ənənəvi gender stereotiplərinə əsaslanan maneələrin azaldılması.
Fərmana əsasən, 2027-ci ilin sonunadək gözlənilən nəticələr əvvəlcədən müəyyən edilib. Odarəedici kadr ehtiyatında namizədlərin azı 30 faizini qadınlar təşkil etməlidir. Həmçinin bütün dövlət və bələdiyyə idarəetmə orqanlarında rəhbər vəzifələrdə çalışan qadınların payı azı 20 faiz olmalıdır. Bu göstəricinin 2030-cu ildə 30 faizə çatdırılması nəzərdə tutulur.
Fərman imzalandığı gündən on gün sonra qüvvəyə minəcək.