BAKI, 17 fevral. TELEQRAF
Tacikistan Prezidenti Emomali Rəhmon iki həftədir naməlum xəstəlik səbəbi ilə Çində müalicə alır. Əgər bu məlumat təsdiqlənsə, bu, səhhəti pisləşən Tacikistan liderinin müalicə üçün Rusiya və ya Qərb ölkəsi əvəzinə birbaşa Çini seçdiyi ilk hal olacaq.
Teleqraf xəbər verir ki, bu barədə Eurasia.net məlumat yayıb.
Mənbə bildirib ki, bu, Çinin Mərkəzi Asiya ölkələrində artan təsirinin növbəti göstəricisidir:
“Tacikistan Prezidentinin rəsmi saytında yanvarın 28-də yerli hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşündə çəkilmiş şəkli yerləşdirilib. Sonrakı 17 gün ərzində saytda yalnız 4 qısa xəbər yayımlanıb və heç birində video və ya foto yoxdur.
Yalnız fevralın 14-də Asiya İnfrastruktur İnvestisiya Bankının rəhbəri ilə əl sıxdığı şəkli paylaşılıb. Fevralın 16-da isə Rəhmon Qazaxıstan xarici işlər naziri Yermek Koşerbayev ilə Düşənbədə görüşüb.
Məlumata görə, həmin 17 günlük fasilə ərzində prezidentin köməkçiləri onun səhhəti və ya harada olması barədə açıqlama verməkdən imtina ediblər.
“Radio Ozodlık” isə yazır ki, E. Rəhmon tibbi yardım almaq və günəş vannası qəbul etmək üçün Çinin Haynan adasındadır.
73 yaşlı Rəhmon barəsində uzun illərdir yüksək qan təzyiqi və ürək çatışmazlığı kimi ağır xəstəliklərdən əziyyət çəkdiyi barədə şayiələr mövcuddur. Onun 38 yaşlı oğlu Rüstam Emomali isə əsas varis olaraq göstərilir.
Tacikistan liderinin müalicə üçün Çini seçməsi Mərkəzi Asiya liderləri arasında yenilik hesab olunur, çünki adətən onlar müalicə üçün Qərb və ya Rusiya həkimlərinə güvəniblər”.