BAKI, 22 noyabr. TELEQRAF

“Türk Dövlətləri Təşkilatı daxilində ilk gördüymüz iş ortaq dil və ortaq əlifba ilə bağlı oldu”.

Teleqraf xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib.

“Ortaq əlifba üçün işlərimizi tamamlamışıq, texniki olaraq bitirmişik. Bundan sonra iş hər bir ölkənin siyasi iradəsini ortaya qoyub həyata keçirməsinə bağlıdır. Bu, bir az vaxt alacaq. Eyni dili danışdığımız, eyni hərflərlə yazdığımız zaman bir-birimizi daha yaxşı başa düşəcəyik. Tərcüməçiyə ehtiyac qalmayacaq.

İkinci addım ortaq tarix işidir. Akademiklərimiz bununla bağlı işlərini davam etdirir. Məqsədimiz birliyimizi daha da gücləndirməkdir”, - o bildirib.

Binəli Yıldırım çıxışının davamında qeyd edib:

“Qardaşıq” demək kifayət deyil. Bugünkü 1,1 trilyon dollarlıq daxili-xarici ticarətimizin yalnız 70 milyardını öz aramızda həyata keçiririk. 1,1 trilyon dollarlıq ticarət edirsən, amma başqalarını zəngin edirsən. Qardaşlıq bu ticarətin öz aramızda fırlanmasını təmin etməkdir. Burada ilk olaraq intellektual maneələr aradan qalxacaq. Daha sonra sərhəd keçidləri, gömrük sadələşdirmələri, infrastruktur bütövlüyü və qanunvericilik birliyi tətbiq ediləcək, beləliklə buradan yola çıxan Fərqanəyə (Özbəkistan) qədər işini sorğusuz-sualsız görəcək.”