BAKI, 18 noyabr. TELEQRAF

Qırğızıstan Prezident Administrasiyasının İnformasiya Siyasəti Xidmətinin rəhbəri Dayırbek Orunbekov ölkədə elektrik enerjisi çatışmazlığının səbəblərini açıqlayıb.

Teleqraf xəbər verir ki, o, ölkənin enerji sektorunda çox aktual problemlərin olduğunu bildirib.

“Qırğızıstan indiyədək Sovet İttifaqı dövründə, 60-70 il əvvəl tikilmiş su elektrik stansiyalarının hesabına yaşayırdı. Təəssüf ki, müstəqillik əldə edildikdən sonra 30 ilə yaxın müddətdə ölkədə yeni enerji obyektləri tikilməyib. Həmçinin, əhali və elektrik enerjisi istehlakı durmadan artır. Hər il yüzlərlə yeni bina, fabrik və zavodlar tikilir ki, bunların hamısı elektrik enerjisi tələb edir. Nəhayət, hazırda enerji çatışmazlığı var”, - rəsmi qeyd edib.

Dayırbek Orunbekov bildirib ki, bu problem əvvəllər də olub.

“O vaxt alternativ yollardan istifadə edilmirdi. Elektrik enerjisi qonşu ölkələrdən baha alınıb, əhaliyə ucuz qiymətə satılırdı. Nəticədə dövlətin borcu artıb”.

Qırğızıstan Prezidenti Sadır Japarov 2021-ci ildən başlayaraq enerji təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş islahatlara başlayıb. Gücü 1860 MVt olan yeni su elektrik stansiyasının tikintisinə başlanılıb. İstifadəyə verildikdən sonra Qırğızıstan elektrik enerjisi ixrac edən ölkəyə çevriləcək.

Bundan əlavə, bütün ölkədə kiçik və orta su elektrik stansiyaları tikilir. 2024-cü ildə ümumi gücü 48,84 MVt olan səkkiz yeni stansiya istifadəyə verilib. Bu il ümumi gücü 41,29 MVt olan daha bir neçə obyekt tikilib və istismara hazırlanır. Bundan başqa, iri su elektrik stansiyaları da modernləşdirilib ki, bu da artıq hissolunan nəticələr verir. 2030-cu ilin sonuna qədər bütün ölkə ərazisində onlarla yeni iri, orta və kiçik su elektrik stansiyalarının tikintisi planlaşdırılır.

“Hazırkı enerji çatışmazlığı səbrimizi sınayan müvəqqəti problemdir. Dövlət bunun həlli üçün səy göstərir. Yuxarıda qeyd olunan layihələr həyata keçirildikcə, elektrik enerjisi çatışmazlığı tədricən aradan qalxacaq, Qırğızıstan enerjidən müstəqil və sabit dövlətə çevriləcək”, - Orunbekov vurğulayıb.

Xatırladaq ki, 2023-cü il avqustun 1-dən 2026-cı il dekabrın 31-dək Qırğızıstanın enerji sektorunda fövqəladə vəziyyət rejimi tətbiq edilib. 2025-ci ilin sentyabrında Qırğızıstan energetika naziri Talaybek İbrayev qarşıdan gələn qışın xüsusilə çətin olacağı barədə xəbərdarlıq edib və əhalini elektrik enerjisinə qənaət etməyə çağırıb.

Hazırda Qırğızıstan istehsal etdiyindən daha çox elektrik enerjisi istehlak edir. Ölkə kəsiri qonşu ölkələrdən idxal hesabına ödəyir.

Sadır Japarov Energetika Nazirliyinə elektrik enerjisinə məhdudiyyətsiz tariflərin tətbiqini dayandırmağı tapşırıb. Ölkə məktəblərində enerjiyə qənaət tədbirləri tətbiq olunub. Paytaxt Bişkekdə restoran, bar və klublar axşam saat 22:00-dan sonra bağlanır.