BAKI, 18 noyabr. TELEQRAF

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Asiya İnkişaf Bankının (AİB) prezidenti Masato Kandonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Teleqraf xəbər verir ki, görüşdə infrastruktur, yaşıl enerji, təhsil və özəl sektoru əhatə edən Genişləndirilmiş Strateji Tərəfdaşlıq Proqramının inkişafı da daxil olmaqla 15 milyard dollarlıq layihə portfeli çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi təklif olunub.

Görüşdə ölkədə sosial-iqtisadi islahatlar proqramının icrası çərçivəsində AİB ilə əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə edilib. Vurğulanıb ki, Özbəkistan bankın regionda ən böyük tərəfdaşlarından biridir, birgə layihələr portfeli 15 milyard dolları ötür. Məlumata görə, yaşıl enerji, nəqliyyat, rəqəmsal transformasiya, təhsil və digər sahələrdə dəyəri 3 milyard dollardan çox olan yeni layihələr hazırlanır, qeyri-suveren maliyyələşdirmə mexanizmləri fəal şəkildə tətbiq edilir.

Görüş zamanı Prezident Şavkat Mirziyoyev AİB ilə Genişləndirilmiş Strateji Tərəfdaşlıq Proqramının hazırlanması və imzalanması təşəbbüsü ilə çıxış edib.