BAKI, 18 oktyabr. TELEQRAF
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Aşqabadda səfərdə olan Qazaxıstan baş nazirinin müavini və hökumət aparatının rəhbəri Qalımjan Koyşıbayevlə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə TDH dövlət agentliyi məlumat yayıb.
Dövlət başçısı Türkmənistanın siyasi, diplomatik, iqtisadi, mədəni və humanitar sahələrdə uğurla inkişaf edən Qazaxıstanla tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə xüsusi önəm verdiyini vurğulayıb. Türkmənistan Prezidenti ölkələr arasında siyasi dialoqun fəal dinamikasını da qeyd edib.
Tərəflər ticarət, iqtisadiyyat, nəqliyyat-logistika, o cümlədən Şimal-Cənub marşrutu üzrə beynəlxalq dəhlizlərin inkişafı sahələrində əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Rəqəmsallaşma, innovasiya, yaşıl iqtisadiyyat və ətraf mühitin mühafizəsi prioritet sahələr kimi müəyyən olunub.
İki ölkə xalqları arasında dostluğun möhkəmlənməsinə töhfə verən mədəni-humanitar əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirilib. Bu prosesdə iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Türkmənistan-Qazaxıstan Hökumətlərarası Komissiyası xüsusi rol oynayır.