BAKI, 14 oktyabr. TELEQRAF
Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüralıyev Şarm Əl-Şeyx Sülh Sammiti ilə bağlı bəyanat yayıb.
Teleqraf xəbər verir ki, o, Qəzza zolağında daimi atəşkəs üçün fürsət yarandığını bəyan edib.
“ABŞ, Türkiyə, Qətər və Misirin diplomatik səyləri nəticəsində atəşkəs əldə edildikdən sonra dünya liderlərinin iştirakı ilə 13 oktyabr 2025-ci il tarixində keçirilən Şarm Əl-Şeyx Sülh Sammitini alqışlayıram və ümid edirəm ki, atəşkəs Qazada hərbi əməliyyatlar və əzabların daimi şəkildə sona çatmasına, həmçinin humanitar yardımların dərhal və maneəsiz şəkildə Qazaya daxil olmasına gətirib çıxaracaq.
Səmimi qəlbdən ümid edirəm ki, bu qiymətli fürsətdən tərəflər qarşıdakı dövrdə fələstinlilər və israillilərə sülh və əmin-amanlıq şəraitində yan-yana yaşamağa imkan verəcək iki dövlətli həllin reallaşması üçün istifadə edə bilərlər”, - TDT baş katibi bildirib.