BAKI, 1 oktyabr. TELEQRAF

Asiya İnkişaf Bankı (AİB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı Biznes Forumuna qeydiyyata başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan İnformasiya Mərkəzi məlumat yayıb.

Tədbir 2025-ci il noyabrın 18-dən 19-dək Bişkekdə, CAREC-in 24-cü Nazirlər Konfransı ərəfəsində keçiriləcək.

“CAREC Dəhlizlərinin Transformasiyası – Yeni Biznes İmkanları” adlı forumda Orta dəhlizlə üst-üstə düşən CAREC 2 dəhlizinin inkişafı müzakirə olunacaq. Müzakirələr davamlılıq, yaşıl enerji və rəqəmsal modernləşməyə yönəldiləcək.

Türkmənistandan smart logistika, rəqəmsal ticarət, davamlı nəqliyyat, yaşıl enerji və ekoturizm sahələrində çalışan özəl şirkətlər iştiraka dəvət olunur.

Proqrama dövlət-özəl tərəfdaşlıq layihələrinin müzakirələri, görüşlər, CAREC ölkələrinin nümayəndələri, AİB, maliyyə institutları və investorlar ilə danışıqlar daxildir.

CAREC ölkələri dedikdə Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramına daxil olan dövlətlər nəzərdə tutulur.

Bu proqram 2001-ci ildən Asiya İnkişaf Bankının təşəbbüsü ilə fəaliyyət göstərir və əsas məqsədi üzv ölkələr arasında iqtisadi inteqrasiyanı, ticarəti, nəqliyyatı, enerji əməkdaşlığını və inkişaf layihələrini gücləndirməkdir.

CAREC-ə üzv ölkələr: Azərbaycan, Əfqanıstan, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan

Bundan başqa, tərəfdaşları var – Asiya İnkişaf Bankı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, İslam İnkişaf Bankı və sair.

CAREC çərçivəsində xüsusilə nəqliyyat dəhlizləri (o cümlədən Azərbaycan üzərindən keçən Orta dəhliz), enerji təhlükəsizliyi, sərhəd idarəçiliyi və ticarət sadələşdirilməsi istiqamətində layihələr həyata keçirilir.