BAKI, 1 oktyabr. TELEQRAF
Qırğızıstan və Tacikistan sərhədyanı rayonların sakinlərinin köçürülməsini müzakirə ediblər.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan prezidentinin Batken vilayəti üzrə səlahiyyətli nümayəndəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, xüsusi nümayəndə Aybək Şamenov ilə Tacikistan Suqd vilayətinin rəhbəri Rəcəbboy Axmadzoda arasında görüş keçirilib.
Müzakirə zamanı Qırğızıstan-Tacikistan dövlət sərhədinin demarkasiyası, mübadilə edilən kənd yerlərinin sakinlərinin köçürülməsi, sərhədboyu həyətyanı sahələrin, bağların və ticarət obyektlərinin təmizlənməsinin nəticələrinə dair müzakirələr aparılıb.
Yerli sakinlər arasında maarifləndirmə işlərinə xüsusi diqqət yetirilib. Məqsəd ərazi mübadiləsi və köçürmə haqqında sazişlərin anlaşılmasını və onlara əməl olunmasını təmin etməkdir.
İctimai təhlükəsizliyin təmin edilməsi, mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsi, iki region arasında əməkdaşlığın inkişafı istiqamətində birgə səylərin davam etdirilməsi barədə razılıq əldə olunub.