BAKI, 26 sentyabr. TELEQRAF
Qırğızıstan xarici işlər naziri Jenbek Kulubayev ilə Oman xarici işlər naziri Bədr bin Haməd bin Həmud əl-Busaidi arasında ikitərəfli görüş keçirilib.
Teleqraf xəbər verir ki, görüşün əsas nəticəsi Qırğızıstanla Oman arasında diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslərin viza tələblərindən qarşılıqlı azad edilməsi haqqında sazişin imzalanması olub.
Qeyd edilib ki, bu addım diplomatik və rəsmi təmasların asanlaşdırılması, siyasi dialoqun gücləndirilməsi və ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açacaq.
Görüş zamanı tərəflər ikitərəfli münasibətlərin və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsi perspektivlərini də müzakirə ediblər.
Qırğızıstan tərəfi 2027-2028-ci illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini dəstəkləyəcəyinə ümid etdiyini bildirib.