BAKI, 24 sentyabr. TELEQRAF
Rusiyanın Krasnoyarsk vilayətində özbək müğənninin konserti zamanı Rusiyanın hüquq-mühafizə orqanlarının (FSB) əməkdaşları zala basqın ediblər.
Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Axror Burxanov məlumat verib.
Onun sözlərinə görə, reyd zamanı 8 nəfər Özbəkistan vətəndaşı “Rusiyada olma qaydalarını pozduğuna görə” saxlanılıb. Onlardan 4-nə inzibati cərimə və deportasiya tədbirləri tətbiq edilib, qalan 4-ü isə Krasnoyarsk vilayətində əcnəbi vətəndaşların müvəqqəti saxlanma məntəqəsinə yerləşdirilib.
Özbəkistanın Novosibirskdəki Baş Konsulluğu həmin vətəndaşlara lazımi hüquqi yardımın göstərilməsi üçün tədbirlər görür.