BAKI, 22 sentyabr. TELEQRAF
Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyev Azərbaycanın paytaxtı Bakıda keçirilən III Beynəlxalq Təhlükəsizlik Forumunda iştirak edib.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Komitəsinin mətbuat mərkəzi məlumat yayıb.
Foruma 60-dan çox ölkənin kəşfiyyat və təhlükəsizlik orqanlarının rəhbərləri qatılıb. İştirakçılar yeni qlobal çağırışlar şəraitində beynəlxalq və regional təhlükəsizliyin təmin edilməsi məsələlərini müzakirə ediblər.
Kamçıbek Taşiyev Qırğızıstan-Tacikistan sərhədində problemlərin sülh yolu ilə həlli üzrə Bişkekin təcrübəsini bölüşüb və terrorizm, transmilli cinayətlər və digər təhlükələrə qarşı birgə səylərin gücləndirilməsinin vacibliyini bildirib.
Forum çərçivəsində o, bir sıra ölkələrin xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşüb və əməliyyat əməkdaşlığının genişləndirilməsi, məlumat mübadiləsi, tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə dair sazişlər imzalayıb.
Qeyd edək ki, beynəlxalq forum 19-21 sentyabr tarixlərində keçirilib.