BAKI, 10 sentyabr. TELEQRAF

Nepalda etirazçılar Ali Məhkəmənin keçmiş sədri Suşila Karkinin müvəqqəti baş nazir təyin edilməsini tələb edirlər.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadla məlumat yayıb .

Artıq etirazçıların nümayəndələrinin onunla təmasda olduqları bildirilir.

Suşila Karki müvəqqəti kabinetə rəhbərlik etməyə razılıq verib.

Xatırladaq ki, Nepalın paytaxtı və digər şəhərlərində hökumət əleyhinə üç gündür iğtişaşlar davam edir. Baş nazir Şarma Oli istefa verib. Etirazçılar bir sıra dövlət qurumlarının, o cümlədən parlament, Ali Məhkəmə və prokurorluğun binalarını yandırıblar. Siyasətçilərin və məmurların evlərinə hücumlar edilib. Ölkənin keçmiş baş nazirinin həyat yoldaşı öldürülüb.

Etirazlara səbəb Nepalda hökumətin “Facebook”, “X” və “YouTube” daxil olmaqla 26 sosial media platformasını bloklamaq qərarı olub.