BAKI, 1 sentyabr. TELEQRAF
“Cənubi Qafqazda və Mərkəzi Asiyada davamlı sülhün, sabitliyin və rifahın təmin edilməsi istiqamətində son vaxtlar atılan addımlar sevindiricidir”.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında keçirilən görüş zamanı bildirib.
“Türkiyənin baxışı bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında dialoq, diplomatiya və əməkdaşlıq yolu ilə problemləri həll etməkdir.
Ümid edirik ki, bu addımlar humanitar, iqtisadi-ticari əlaqələrin inkişafına, nəqliyyat və kommunikasiya xətlərinin (nəqliyyat dəhlizlərinin - red.) açılmasına töhfə verəcək. Mərkəzi Asiyadakı qardaş ölkələrimizlə ikitərəfli və çoxtərəfli platformalarda sıx əməkdaşlığımız günbəgün artır. Türk Dövlətləri Təşkilatı çərçivəsində atdığımız addımlar təkcə qardaş ölkələrimizin deyil, həm də geniş regionumuzun sabitliyinə töhfə verir”, - prezident qeyd edib.