BAKI, 1 sentyabr. TELEQRAF
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstan, Rusiya, Çin və Monqolustanı birləşdirən regionun inkişafına yönəlmiş Trans-Saltay Dialoqu təşəbbüsünü dəstəkləyib.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Trans-Altay Dialoqunun yaradılması ilə bağlı yeni təşəbbüs perspektivli görünür, o, ərazisi, əhalisi və iqtisadi gücü baxımından unikal olan, Qazaxıstan, Rusiya, Çin və Monqolustanı birləşdirən Altay bölgəsinin potensialından səmərəli istifadə etməyə yönəlib”, - Tokayev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Çində keçirilən sammitində deyib.
Qazaxıstan Prezidenti qeyd edib ki, irimiqyaslı plan və layihələri həyata keçirmək üçün ölkələr arasında nəqliyyat əlaqələrini inkişaf etdirməyə davam etməli, tranzit və tarif strategiyası məsələlərində birgə işlənilməlidir.
Tokayev “Bir Kəmər, Bir Yol” layihəsi çərçivəsində əməkdaşlığın zəruriliyinə də işarə edib: “Bu qlobal layihə “Kəmər və Yol” marşrutu üzrə ticarət və logistika əməliyyatlarının bütün iştirakçılarına hər il bir trilyon yarım dollara qədər gəlir gətirə bilər”.
Onun fikrincə, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri, o cümlədən Transxəzər beynəlxalq nəqliyyat marşrutu da böyük imkanlar yaradır: “Bu məsələ noyabrda Aktau şəhərində keçiriləcək ŞƏT-in birinci forumunda liman və logistika mərkəzlərinin rəhbərləri arasında danışıqların və müzakirələrin gündəliyinə daxil edilə bilər”.