BAKI, 29 avqust. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev beynəlxalq ictimaiyyəti sülh və təhlükəsizliyi möhkəmləndirməyə, həmçinin nüvə silahlarının azaldılmasına və nüvə sınaqlarından imtinaya nail olmağa çağırıb.

Teleqraf xəbər verir ki, o, çıxışında SSRİ dövründə Sovet Rusiyasının Qazaxıstanda keçirilmiş fəlakətli nüvə sınaqlarına da diqqət çəkib.

“Xalqımız nüvə silahı sınağının ən ağır nəticələrinin qurbanına çevrilib. Bu faciə təkrarlanmamalıdır. Gələcək nəsillər naminə biz sülhü möhkəmləndirməli, beynəlxalq əməkdaşlığı inkişaf etdirməli, nüvə silahlarının azaldılmasına nail olmaq üçün səy göstərməli və nüvə sınaqlarından imtina etməliyik. Sülh və təhlükəsizlik bütün bəşəriyyəti birləşdirən ən yüksək dəyərlərdir”, - Tokayev qeyd edib.

Xatırladaq ki, 1965-ci ildə Sovet Rusiyası Qazaxıstanın ucqarında, Şalqan gölünün yaxınlığında və 178 metr dərinlikdə Xirosimanı (Yaponiya) məhv edən nüvə bombasından on dəfə güclü nüvə bombasını partladıb. Partlayış nəticəsində təqribən 400 metr enində, radioaktiv maddələrlə zəngin bulud əmələ gəlib. Bu, Moskva tərəfindən Semipalatinsk poliqonunda – 18 000 kvadrat kilometrlik səhralıq ərazidə partladılmış 456 nüvə bombasından yalnız biri idi. Məlumata görə, bütün 456 sınaqdan sağ çıxan insanlar Xirosimadan sağ çıxanlara nisbətən 120 dəfəyə qədər daha çox radiasiya qəbul ediblər.