BAKI, 21 avqust. TELEQRAF

Gürcüstanın işğal edilmiş Abxaziya vilayətindəki separatçı rejimin “xarici işlər nazirinin müavini” İrakli Tujba ABŞ-nin Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən, Rusiyanın Abxaziya və Cənubi Osetiyadakı hərbi fəaliyyətlərini pisləyən sənədi imzalamaqdan imtina etməsini “nümayişkaranə addım” adlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

“Rəsmi Vaşinqton ilk dəfə olaraq Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən və Rusiyanın Abxaziya və Cənubi Osetiyada hərbi mövcudluğunu pisləyən sənədi faktiki olaraq rədd etdi. Bu, kifayət qədər indikativ addımdır və daha praqmatik siyasətə fokuslanan ABŞ-nin yeni hakimiyyət orqanlarının Gürcüstanın əsassız ərazi iddiaları ilə bağlı yanaşmalarında əhəmiyyətli dəyişiklikləri göstərir”, - Tujba bildirib.

Xatırladaq ki, avqustun 18-də BMT Təhlükəsizlik Şurasında 2008-ci ildə Rusiyanın Gürcüstana təcavüzü ilə bağlı məsləhətləşmələr keçirilib. Məsləhətləşmələrdən sonra bəzi Qərb ölkələri Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən birgə bəyanatla çıxış ediblər, Rusiyanın Abxaziya və Cənubi Osetiyadakı işğalçı hərbi fəaliyyətlərini pisləyiblər. 17 ildən sonra ilk dəfə birgə bəyanat ABŞ tərəfindən dəstəklənməyib. Bəyanatı Böyük Britaniya, Fransa, Sloveniya, Danimarka və Yunanıstan imzalayıb.