BAKI, 6 avqust. TELEQRAF

Qazaxıstan Prezideni Kasım-Jomart Tokayevin tapşırığına əsasən Almatı şəhərinin dağlıq hissəsində tikintiyə qadağa qoyulub.

Teleqraf xəbər verir ki, bu barədə şəhər meriyası açıqlama verib.

Qasım-Jomart Tokayev Almatı akimi Darxan Satibaldını qəbul edərək, ona şəhərin dağlıq hissəsində çoxmənzilli yaşayış binalarının tikintisinə moratorium tətbiq etməyi tapşırıb.

Qeyd edilib ki, sözügedən ərazilərin intensiv inkişafı bir sıra sistemli problemlərə gətirib çıxarır. Bunlardan biri sosial infrastrukturun kəskin çatışmazlığıdır. Bu ərazilərdə təhsil ocaqları, tibb müəssisələri çatışmır.

Həmçinin şəhərin yuxarı hissəsində mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sistemi yoxdur, mövcud kommunikasiyalar isə bir neçə inhisarçı tərəfindən idarə olunur, onların şəbəkələri həddindən artıq yüklənib və lazımi gücü təmin etmir. Küçə və yol şəbəkəsi artan nəqliyyat axınına tab gətirə bilmir, axıntı şəbəkəsinin olmaması isə leysan yağışlar zamanı daşqınlara səbəb olur.

Bildirilib ki, dağlıq ərazilərin əhəmiyyətli hissəsi sürüşməyə meylli gilli torpaqlarda yerləşir. Qanunsuz tikinti, yaşıllıqların kəsilməsi və çənlərin istifadəsi torpağın sürüşməsi və məhv edilməsi riskini artırır.

Bundan başqa, şəhərin dağlıq ərazisində 2 min hektardan çox istifadə edilməmiş kənd təsərrüfatı təyinatlı torpaqlar var. Qazaxıstanın Torpaq Məcəlləsinə əsasən, şəhər ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların yerləşdirilməsi qadağandır.