BAKI, 11 iyun. TELEQRAF

Özbəkistan məhkəməsi Rusiya tərəfində Ukraynaya qarşı döyüşən 25 yaşlı gənci 5 il müddətinə azadlıqdan məhrum edib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

2000-ci il təvəllüdlü, adı açıqlanmayan şəxs 2021-ci ilin iyul ayında işləmək üçün Rusiyaya gedib. 2022-ci ilin martında Özbəkistan vətəndaşı narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə səkkiz il yarım azadlıqdan məhrum edilib, noyabrda isə Samara vilayətindəki koloniyada olarkən “Vaqner” qrupu tərəfindən işə götürülüb. İddiasına görə, onu və Orta Asiya ölkələrindən olan daha 200-ə yaxın məhbus həbsxanada müqavilə bağlamağa məcbur edilib.

Dörd aya yaxın cəbhədə olub, 2023-cü ilin fevralında ayağından yaralanıb və xəstəxanaya yerləşdirilib. Müharibədə iştirakına görə Özbəkistan vətəndaşı Rusiyada həbsxanadan vaxtından əvvəl azad edilib, vətəndaşlıq verilib, 500 min rubl ödənilib, “Şücaətə görə” və “Soledarın alınmasına görə” medalları ilə təltif olunub. Ölkəsinə qayıtdıqdan sonra isə həbs edilib.