BAKI, 24 may. TELEQRAF
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yanvar ayından Prezident Administrasiyası rəhbərinin birinci müavini vəzifəsində çalışan Darxan Satıbaldı ölkənin ən böyük meqapolisi Almatı şəhərinin akimi (mer) təyin edib.
Teleqraf xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncamla Darxan Satıbaldı əvvəlki vəzifəsindən azad edilib.
Satıbaldıya qədər Almatı şəhərinin akimi vəzifəsini 2022-ci ilin yanvarından Yerbolat Dosayev tutub. O, Qazaxıstanda baş verən iğtişaşlardan sonra bu vəzifəyə təyin edilib, bu zaman şəhərdə bir sıra hökumət binaları yandırılıb və ölkədə fövqəladə vəziyyət elan olunub.
***
10:10
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Almatı şəhərinin akimi (mer) Yerbolat Dosayevin tutduğu vəzifədən azad edilməsi haqqında sərəncam imzalayıb.
Teleqraf xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Qərarın səbəbləri açıqlanmayıb. Bu günlərdə Dosayev Baş nazir Oljas Bektenovu Almatıya səfərində müşayiət etmişdi.
Mayın 23-də Almatı Şəhər Şurasının saytında akimin təyinatına razılıq vermək üçün şənbə günü deputatların iclasının keçiriləcəyi barədə elan yayılmışdı.
İki milyon əhalisi olan Almatı Qazaxıstanın ən böyük şəhəridir.
Dosayev 2022-ci ilin yanvarından bu vəzifəni icra edirdi. Bundan əvvəl o, müxtəlif vaxtlarda Qazaxıstan Milli Bankının sədri, baş nazirin müavini, nazir olub.
“Tengrinews” xəbər portalının məlumatına görə, 2023-cü ildə Dosayevin istefası tələbi ilə onlayn petisiya keçirilib, onu 57 mindən çox insan imzalayıb. Amma Dosayevin özü sonra bildirib ki, şəhərdə 2,2 milyondan çox insan yaşayır.