BAKI, 15 mart. TELEQRAF

ABŞ uyğurları ölkədən deportasiya edərək, Çinə göndərən Tayland rəsmilərinə qarşı sanksiya tətbiq edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio məlumat verib.

Dövlət katibi həmin şəxslərə viza məhdudiyyətlərinin qoyulduğunu, ABŞ-yə girişlərinin qadağan edildiyini açıqlayıb.

Rubio uyğurlar və digər etnik qrupların Çində işgəncə, təqib və assimilyasiya ilə yoxolma riski ilə üz-üzə qaldıqlarını söyləyib.

“Fevralın 27-də 40 uyğurun Taylanddan məcburi geri qaytarılmasına görə məsuliyyət daşıyan və ya iştirak edən hazırkı və keçmiş Tayland hökumətinin rəsmilərinə viza məhdudiyyətləri tətbiq etmək üçün lazımi addımları ataraq, bu siyasəti dərhal həyata keçirirəm. Çinin uyğurlara qarşı törətdiyi soyqırımı və insanlığa qarşı cinayətlərin uzun tarixini nəzərə alaraq, bütün dünya hökumətlərini uyğurları və digər qrupları Çinə zorla qaytarmamağa çağırırıq”, - ABŞ dövlət katibi vurğulayıb.