BAKI, 10 iyul. TELEQRAF

Kolumbiya ilə Azərbaycan arasında diplomatik münasibətlər 1994-cü ildən etibarən qarşılıqlı hörmət, konstruktiv dialoq və əməkdaşlıq əsasında inkişaf edir.

Teleqraf xəbər verir ki, bu barədə Kolumbiyanın Azərbaycandakı səfiri Nelsi Rakel Munar Xaramiyo Kolumbiyanın Milli Günü münasibətilə keçirilən rəsmi qəbulda bildirib.

Onun sözlərinə görə, ölkələr siyasi, mədəni və təhsil sahələrində əməkdaşlığı davam etdirir, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyirlər.

Diplomat bildirib ki, dekabr ayında Bakıda Azərbaycan Dövlət Akademik Filarmoniyasında Kolumbiya musiqisinə həsr olunmuş xüsusi konsert keçiriləcək:

“Konsert Azərbaycan Dövlət Simfonik Orkestrinin iştirakı ilə kolumbiyalı dirijor Felipe Agirre və azərbaycanlı dirijor Fuad İbrahimovun birgə rəhbərliyi altında təşkil olunacaq. Bu tədbirin iki xalq arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyi gözlənilir”.