BAKI, 10 iyul. TELEQRAF

Kolumbiyalı dövlət qulluqçularının “ASAN xidmət” təcrübə proqramlarında iştirakı təmin olunacaq və bu modelin Kolumbiyada tətbiqinə dəstək göstəriləcək.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev Kolumbiyanın Milli Günü münasibətilə keçirilən rəsmi qəbulda bildirib.

O qeyd edib ki, Azərbaycan və Kolumbiya arasında münasibətlər qarşılıqlı etimada əsaslanaraq müsbət dinamika ilə inkişaf edir:

“Dövlət xidmətləri sahəsində əməkdaşlıq çərçivəsində kolumbiyalı dövlət qulluqçularının “ASAN xidmət” təcrübə proqramlarında iştirakı təmin ediləcək və bu modelin Kolumbiyada tətbiqinə dəstək göstəriləcək”.

Fariz Rzayev humanitar sahədə əməkdaşlığın da ikitərəfli münasibətlərin mühüm istiqamətlərindən biri olduğunu bildirərək, mədəni tədbirlərin xalqların zəngin irsinin qarşılıqlı tanınmasına və mədəniyyətlərarası dialoqun güclənməsinə töhfə verdiyini vurğulayıb.