BAKI, 26 fevral. TELEQRAF
Bakıda qadın müştəri əyləşdiyi taksinin sürücüsünü polisə şikayət edib.
Teleqraf-ın məlumatına görə, vətəndaş N.İ şikayətində sürücünü onu qeyd etdiyi ünvana aparmaq istəmədiyini, əvəzində onu təhqir etdiyini bildirilib.
2003-cü il təvəllüdlü sürücü M.H barədə İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə tərtib olunmuş protokol baxılması üçün məhkəməyə təqdim olunub.
Məlum olub ki, hadisə vaxtı sürücü atasının xəstəliyini əsas gətirərək, mobil telefon ilə danışıb, bu zaman müştəri ona iradlar bildirib. Sürücü isə qadının avtomobildən düşməsini istəyərək, onu aparmaqdan imtina edib.
Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan sürücü özünü təqsirli bilməyərək izahatında göstərib ki, həmin vaxt atası ürək xəstəsi olduğundan, onunla mobil telefonla danışıb, bununla bağlı xanımdan icazə də istəyib. Lakin, xanım qorxduğunu dilə gətirərək irad bildirib, daha sonra bir kişiyə zəng edərək onunla danışmasını istəyib. Həmin şəxs isə telefonda onu təhqir etdiyindən, xanımı aparmaqdan imtina edib. Sürücü qadını təhqir etmədiyini, əksinə telefonla danışdığı şəxsin ona qarşı nalayiq ifadələr işlətdiyini bildirib.
Məhkəmə taksi sürücüsünün əməlində inzibati xəta tərkibi olmadığından işə xitam verib.