BAKI, 10 fevral. TELEQRAF

Paytaxt sakinləri və şəhərə gələn qonaqların sıx istifadə etdiyi ərazilərdən sayılan İslam Səfərli küçəsinin piyada yönümlü formata keçirilməsi məqsədilə hazırda intensiv işlər aparılır.

Bu barədə Teleqraf-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, bütün küçə boyu mövcud kommunikasiya xəttləri tam yenilənib.

"İslam Səfərli küçəsi ərazisində abadlıq-quruculuq işləri davam etdirilir, həmin ərazidə piyada zonası yaradılır, küçənin əksər hissəsində beton örtüyü salınıb, yaşıllıq üçün xüsusi yerlər yaradılıb, işıq dirəkləri quraşdırılmasına başlanılıb.

Küçənin böyük hissəsində daş döşəmələrin salınması işləri yekunlaşıb. Ayrı-ayrı hissələrdə artıq skamyalar quraşdırılıb, ümumi görünüş mərhələli şəkildə müasir piyada məkanına uyğunlaşdırılır. Bu işlər 1 kilometrdan çox ərazini əhatə edir", - məlumatda bildirilib.