BAKI, 29 yanvar. TELEQRAF
1919-cu ildə İstanbula qastrola gedən Tiflis Türk Teatrının bu tarixi şəhərdə göstərdiyi tamaşaların birində xoşagəlməz hal yaşanıb. Belə ki Azərbaycan teatrının, musiqisinin gücünü professional şəkildə göstərməyi qarşısına məqsəd qoyan heyətə qarşı təxribat adlandıra biləcəyimiz bir hadisə baş verib.
Olayı aktyor Mustafa Mərdanovun qələmindən oxuyaq:
“Bir axşam “Evliykən bikar” operettasını oynayıb qurtardıqdan sonra yan lojalardan birindən: “Rəqs istəyirik!” — deyə səs eşidildi. Bunu əvvəlcə zarafat bildik, sonra gördük ki, yox, bu ciddi xahişdir. Rejissorumuz səhnənin qabağına çıxıb camaatı başa salmaq istəyəndə gördük ki, başda sərxoş bir tacir olmaqla, bir dəstə adam da: “Rəqs istəyirik!” — deyə bağırır.
Rejissor belə bir təhqirə dözməyib çox ciddi şəkildə dedi: “Rəqs istəyirsinizsə, gedin şantana, bura teatrdır!”
Bu sözlər xüsusilə tacirin xoşuna gəlmədi və o, incimiş halda adamları ilə birlikdə salonu tərk etdi. Sabahısı gördük ki, tamaşaçıların sayı azalıb. Məlum oldu ki, həmin tacir kassanın qabağında öz adamlarını qoyub, bilet alanlara mane olurmuş. Tacirin teatra qarşı bu cür hörmətsizliyini mütərəqqi qəzet və jurnallar kəskin şəkildə tənqid etdilər. “Tamaşa” jurnalının 15-ci nömrəsində redaksiya bu barədə belə yazmışdı: “Teatronun nəşr etdiyi proqramdan artıq bir şey istəmək qətiyyən haqq olmadığı kimi, ədəbə də münafiqdir. Məmləkətimizdə qonaq olan bu heyətə qarşı göstərilən hörmətsizlik də təəccüb doğurur. Bu kimi hallara bir daha meydan verilməyəcəyini əhalimizin nəzakətli xislətlərindən ümid edirik”. Şübhəsiz ki, tacirlərin və burjuaziyanın mənafelərini güdən qəzetlər sərxoş taciri müdafiə edərək, bizi onun “haqlı” təklifini rədd etdiyimizə görə ittiham etdilər”.

Mustafa Mərdanov truppanın rejissoru Mirseyfəddin Kirmanşahlının “Tamaşa” dərgisində bu ittihamlara belə cavab verdiyini yazıb: “…Hər kəsin bir məqsədi olduğu kimi, bizim də bir məqsədimiz var və neçə aydır ki, bu məqsədlə səhnələrdə çalışırıq. Ona görə məcburam bildirim ki, biz Azərbaycandan buraya rəqs etməyə və ya komiklik göstərməyə gəlməmişik. Bu qədər zəhmətə qatlaşmağımızın səbəbi Azərbaycan hissiyyatını və teatrını göstərməkdir. Teatr əyləncə yeri deyildir. Teatra əylənmək məqsədilə gələnlər böyük səhv edirlər. Əylənmək üçün şantanlar və sirklər vardır. Əgər bizim məqsədimiz camaatı əyləndirib pul qazanmaq olsaydı, buraya gələndə bir neçə rəqqas tapar, tamaşadan əvvəl və ya sonra rəqslər təşkil edər, həm tamaşaçıları əyləndirər, həm də yaxşı pul qazanardıq”.
Qeyd edək ki, Kirmanşahlının bu cavabı “Tamaşa” dərgisinin 1 aprel 1919-cu il tarixli 15-ci sayında işıq üzü görüb.
Türk mətbuatının bu təxribatda azərbaycanlı aktyorların tərəfini tutması olduqca təqdirəlayiq hal olub. Amma buna baxmayaraq, təxribatı törədənin kimliyi ilə bağlı məlumat verilməyib. Məsələnin arxa tərəfini aktyorlardan İbrahim İsfahanlı illər sonra — 1963-cü ildə açıqlayıb.
İbrahim İsfahanlı kimdir?
İbrahim İsfahanlı (əsl soyadı Hüseynzadə) 1897-ci ildə Tiflisdə doğulub. Səkkiz yaşında ikən atasını itirən İbrahim ailənin maddi ehtiyacları üzündən çəkməçi yanına şagird verilib. Heç bir xüsusi teatr təhsili və ya ibtidai məktəb təhsili almamasına baxmayaraq, o, anası Molla Məsmədən yazı-pozunu öyrənib, zəngin mütaliəsi ilə özünü yetişdirib. Onun teatr sənətinə marağı uşaq yaşlarında Tiflisin Şeytanbazar məhəlləsindəki xalq oyunlarını və Zubalov adına “Xalq evi”ndəki tamaşaları izləməklə başlayıb. Səhnəyə ilk dəfə 1909-cu ildə Mustafa Mərdanov və Əbdürrəhim bəy Haqverdiyevin dəstəyi ilə “Xor-xor” vodevilində qadın rolunda çıxıb. Bu uğurlu debütdən sonra o, taleyini həmişəlik teatra bağlayıb. İbrahim İsfahanlı Tiflis teatr truppasının dövlət statusu alaraq M. F. Axundzadə adına Tiflis Dövlət Azərbaycan Dram Teatrına çevrilməsində (1922) böyük əmək sərf edib. Karyerası ərzində 300-dək müxtəlif obraz yaradan sənətkarın ən yaddaqalan rolları bunlardır:
Hüseyn Cavidin əsərlərində: Şeyx Sənan, İblis, Keykavus, Dəmirqaya.
Dünya klassiklərində: Hamlet, Yaqo, Otello (V. Şekspir), Xlestakov (N. Qoqol).
Azərbaycan dramaturgiyasında: Elxan, Oqtay, Balaş (C. Cabbarlı), Nadir şah (N. Nərimanov).
.jpg)
İbrahim İsfahanlı təkcə aktyor kimi deyil, həm də mahir rejissor kimi tanınıb, 40-dan çox əsərə quruluş verib. O, 1926–1928-ci illərdə Tiflis teatrının baş rejissoru vəzifəsində çalışıb. Sənətkarın fəaliyyəti Tiflis ilə məhdudlaşmayıb; o, Bakıda Akademik Milli Dram Teatrında (1928–1930) çalışıb, həmçinin Zaqatala və Qazax dövlət teatrlarının qurulmasına və fəaliyyətinə rəhbərlik edib. Kinoda isə 1962-ci ildə çəkilmiş “Böyük dayaq” filmindəki Yarməmməd obrazı onun son dövr yaradıcılığının ən qiymətli nümunəsidir.
Teatr sənətindəki xidmətlərinə görə 1932-ci ildə Gürcüstan Respublikasının Xalq Artisti fəxri adına layiq görülüb.
İbrahim İsfahanlı 13 oktyabr 1967-ci ildə vəfat edib, Tiflisdəki müsəlman qəbiristanlığında dəfn olunub.
“A kirvə, nə istəyirsən?”
İstanbuldakı həmin təxribat gününü İbrahim İsfahanlı xatirəsində bu şəkildə danışıb:
“O hadisəni xatırlamaq mənim üçün çox ağırdır. Qastrollarımız çox yaxşı keçirdi. Yerli türk aktyorları, sənət adamları bizə yaxından kömək edirdilər. Ölkədə ictimai və siyasi vəziyyətin mürəkkəbliyinə, iqtisadi vəziyyətin ağırlığına baxmayaraq, onlar bizə əllərindən gələn köməyi göstərirdilər. Qastrolumuz da ki, nə az, nə çox, on bir ay davam etdi. Özünüz təsəvvür edin, ev sahibləri qonaqlara bir ay, iki ay, ən uzağı üç ay hörmət edib kömək göstərə bilərlər. Daha on bir ay yox. Onu da deyim ki, teatr yaranan gündən bəri teatrların qastrol tarixində iki aydan artıq qastrol olmayıb. Nə isə, türk qardaşlarımız imkan daxilində təmənnasız köməkliklərini əsirgəmirdilər. Bəzi tamaşalarımızı, xüsusilə opera-operetta tamaşalarımızı məşhur türk dirijoru Məşədi bəy dənizçilərin simfonik orkestrinin müşayiəti ilə aparırdı. Hər şey yaxşı idi. Necə deyərlər, Allah mərdimazara lənət eləsin. “Evliykən subay” tamaşası qurtaran kimi bir nəfər irəli yeriyib, səndirləyə-səndirləyə “rəqs istəyirik” dedi. O, türk ləhcəsində danışırdı. Şişman, biəndam bədən quruluşuna malik idi. Biz onun milliyyətcə erməni olduğunu başa düşdük. Şux və zarafatcıl olan Möhsün Sənani “A kirvə, nə istəyirsən?” — deyə astadan soruşdu. Türk həmkarlarımız Mirseyfəddinə işarə elədilər ki, millət söhbəti olmasın. Biz elə də hərəkət etdik. Ertəsi gün bəzi qəzetlər həmin tacirin tərəfini saxladılar. Ancaq heç bir qəzet onun erməni olduğunu yazmadı. Həmin tacir isə bizim işimizə az mane olmadı. Elə bil ki, işi-gücü bizim tamaşaları bədnam etmək idi. Hətta həmin erməni tacirlərinin təbliğatı ilə bir neçə nəfər bir gün bilet almadan tamaşamıza gəlib, bilet satılan yerləri zorla tutmuşdular. Bu da çox səs-küyə, söz-söhbətə səbəb olmuşdu”.
Göründüyü kimi erməni təxribatı 1919-cu ildə işğal altında olan İstanbulda da azərbaycanlılardan yan keçməyib.
Beləliklə, Tiflis Türk Teatrının İstanbula qastrol səfəri Azərbaycan teatr tarixində önəmli bir hadisədir. 1920–1930-cu illərdə də aktiv fəaliyyət göstərən bu teatr 1947-ci ildə fəaliyyətinə son verib…
