BAKI, 28 yanvar. TELEQRAF

33 yaşlı həkim Tural Sultanovun dənizdə itkin düşməsindən nə az, nə çox düz 4 ay ötür. Amma hələ də onunla bağlı bir xəbər yoxdur. Ailəsi, onu sevənlər həm onun itkin düşməsindən, həm də məlumat əldə edə bilməməkdən çox narahatdırlar.

Bu barədə Teleqraf-a danışan Tural Sultanovun anası Aygün Sultanova bildirib ki, oğluyla bağlı Suraxanı Rayon Prokurorluğunda davam edən istintaq fevralın 2-də dayandırılacaq.

Onun sözlərinə görə, Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə iş açılıb:

“Biz 314-cü və 143-cü maddələrin də əlavə edilməsini tələb edirik. Çünki burada cinayət var. Amma tələbimiz olan maddələrlə iş açmırlar. Səbəb "intihar donu" geyindirilməsidir. Elə bir maddə ilə cinayət işi açılıb ki, heç nə etmək olmur.
İlk vaxtlar 5-6 gün şirkət, daha sonra Fövqəladə Hallar Nazirliyi axtarış etdi. Amma nəticə olmadı.

2015-ci ildə "Günəşli" neft yatağında yanğın baş vermişdi, oğlum da həmin ərazidə işləyib. Orada suyun altında çox sayda dəmir, turba var. Bəlkə oğlum oralarda ilişib qalıb çıxa bilmir. Bizim tələbimiz var idi ki, orada da axtarış aparılsın.

Yanvarın 25-i bizə bildirildi ki, fevralın 2-si istintaq dayandırılacaq. Elə həmin gün bir ana kimi ölkə rəhbərliyinin qəbuluna yazılmağa gedəcəyəm. Fevral ayında Baş prokuror Kamran Əliyev Suraxanı Rayon Prokurorluğunda olacaq və o qəbulda da iştirak edəcəyik”.

Oğlumu gəmidə saxlamağa ixtiyarları yox idi

Aygün Sultanova oğlunun itkin düşdüyü “Caspian Protektor” gəmisinin məxsus olduğu “BUE CASPİAN LTD” şirkəti, həmçinin uzun illərdir çalışdığı "Leyla Medical Center"in ailə ilə maraqlanmadığını, hadisə ilə bağlı onlara ətraflı informasiya vermədiyini dilə gətirib:

“Balamın nə ölüsü, nə də dirisi var. Nə klinika, nə şirkət maraqlanır, telefonlara belə cavab vermirlər. Elə bil dənizə bir əşya düşüb itib. Bütün ailəmizi məhv ediblər”.

Ana oğlunun intihar etməsini qətiyyətlə rədd edir: “Oğlumu 67 gün qanunsuz şəkildə gəmidə saxlayıblar. Hadisə də 67-ci gündə baş verib. Onun orada qalma müddəti 45 gündən artıq olmamalıydı. Qanuni olaraq 40 gün, maksimum isə 45 gün... 45 gündən artıq onu gəmidə saxlamağa ixtiyarları yox idi. Əgər bizə təqdim olunan kamera görüntülərindəki övladımdırsa, o zaman üzünü də göstərsinlər. O, intihar edəcək oğul deyildi. Onun arzuları, planları var idi. İntihar etdiyini necə qəbul edək? Əgər intihardırsa, bunun səbəbi və səbəbkarları var”, - o əlavə edib.

Klinikadakı xanım Turalla nə danışa bilərdi?

Onun sözlərinə görə, oğluyla sonuncu dəfə sentyabrın 26-sı danışıb.

"Özü zəng etmişdi, çox normal danışdıq. Deyilənlərə görə, müəyyən vaxtdan sonra gəmidə Turalın psixologiyasında dəyişiklik olub. Amma heç bir tədbir görülməyib. Kapitana bununla bağlı xəbərdarlıq edilib. Psixoloji ekspertiza, telefonun ekspertizası, hamısı təmiz idi. Telefonda da heç nə tapılmayıb.

Kapitanın dediyinə görə, Tural sanki donmuş vəziyyətdə, fikrə getmiş halda olub. Şirkətə və klinikaya məlumat verilib, amma buna baxmayaraq heç bir tədbir görülməyib. Təxliyə edilməli olan adamı təxliyə etməyiblər. Son qərar kapitanın qərarı olmasına baxmayaraq, o da heç bir tədbir görməyib. Bütün məsuliyyət kapitanın üzərində olmasına baxmayaraq şirkət onu okeana ezam edib, yəni ölkədən çıxarıb. Eşitdiyimizə görə, kapitan ya bu ayın axırı, ya da gələn ayın əvvəli gələcək, amma onu yenidən ezamiyyətə göndərəcəklər. Kapitanın ölkədən çıxışına "stop" qoyulmalıdır. Çünki kapitan oğlumu təxliyə etməli idi, amma etməyib.

Deyilənə görə, gəmidə çox təhlükəli bir göyərtə var imiş və oranın qapısı bağlı olmalıymış. Həmin göyərtəyə çıxmağa heç kimə icazə verilmir. Amma Tural həmin gün bir dəfə səhər saatlarında ora çıxıb və qayıdıb. Şirkətə bununla bağlı xəbər verilib, Vəli adlı bir şəxs deyib ki, "Onu nəzarətdə saxlayın". Təxliyə edilməli olan adamla bağlı bunu demək doğrudurmu?

Deyilənə görə, klinikaya xəbər verildikdən sonra Lamiyə adlı şəxs Turalla bir dəfə telefonla danışıb, psixoloji söhbət edib. Amma bildiyim qədəri ilə həmin xanım klinikada təhlükəsizlik işləri ilə məşğul olurmuş, yəni nə psixiatr, nə psixoloq imiş. O, övladımla nə danışa bilərdi? Danışdıqdan sonra isə yenidən Turala 4 dəfə zəng edib, amma oğlum zəngə cavab verməyib. Zəngə cavab verməməsinin səbəbini isə bilmirəm”.

A.Sultanova övladının 6 il ərzində yalnız bircə dəfə gəmidə 45 gün qaldığını deyib:

“O, 33 ilinin 27 ilini elmlə məşğul olub. Çox danışıb-gülməzdi, sosial medianı da çox az istifadə edirdi. Ancaq oxumaq, idman etməklə məşğul olurdu. Bir il Almaniyada işləmişdi. Təxminən iki il bundan əvvəl ona Almaniyadakı böyük xəstəxanalardan birindən təklif gəldi. Amma mən getməsini istəmədim. Elə o özü də elində-obasında xidmət etməyi üstün tuturdu.

"Leyla Medical Center"də isə təxminən 7-8 ildir ki, işləyirdi. Sonra klinika "BUE CASPİAN LTD” şirkəti ilə müqavilə bağladı, elə Tural o vaxtdan gəmidə də işləməyə başladı. 6 il olar… Eyni zamanda “Referans”ın təcili yardım xidmətində xarici xəstələrə xidmət göstərirdi. Bu 6 ildə sadəcə bir dəfə 45 gün gəmidə qalmışdı.

İndiyə kimi işi ilə bağlı heç bir problem olmamışdı. Amma bir dəfə dedi ki, ana elə adam var 3 ay gəmidə olur, o qədər müddət gəmidə olanda adam havalanar. Həqiqətən dənizdə işləmək həddən artıq çox çətin imiş, bu gerçəkliyi bu neçə ayda daha dərindən hiss etdim. Allah heç bir ananı belə acı ilə üz-üzə qoymasın".

Qeyd edək ki, “Leyla Medical Center" “Referans Medical Group”a daxildir və məsələ ilə bağlı ötən ilin oktyabrından ünvanladığımız sorğu hələ də cavabsız qalıb.