BAKI, 20 yanvar. TELEQRAF
Azərbaycan tarixində müstəqilliyin simvoluna çevrilən 20 Yanvar hadisəsindən 36 il ötür.
Teleqraf xatırladır ki, 1990-cı ildə xalqın “Dağlıq Qarabağ”ın Ermənistana birləşdirilməsinə qarşı çıxmasını qəbul etməyən Kreml rəhbərliyi Azərbaycanı cəzalandırmaq üçün Qanlı Yanvar qırğını törədib.
Bakıya qoşun yeridilir
1989-cu ilin yayından etibarən Moskvanın Bakıya əlavə qoşun hissələri göndərməsi üçün Azərbaycan KP MK-nın birinci katibi Əbürrəhman Vəzirovun, Nazirlər Sovetinin sədri Ayaz Mütəllibovun, Azərbaycan KP MK-nın ikinci katibi Viktor Polyaniçkonun, Azərbaycan SSR daxili işlər nazirinin birinci müavini Viktor Ваrannikovun imzası ilə SSRİ hökumətinin rəhbərlərinə şifrəli telefonoqramlar göndərilmişdi. İstintaqla müəyyən edilib ki, 1990-cı il yanvarın ortalarında SSRİ müdafiə və daxili işlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və Nasoslu aerodromlarında, Respublika stadionunda, Salyan qışlasında (kazarmasında) yerləşdirilib. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilib.

Saxta tələb
15 yanvar 1990-cı ildə Mərkəzi Komitənin birinci katibi Ə.Vəzirov Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvlərinin xəbəri olmadan Azərbaycana əlavə qoşun hissələri göndərilməsi haqqında saxta qərarı Moskvaya göndərib, elə həmin gün SSRİ Ali Sovetinin sədri Mixail Qorbaçov ozamankı “Dağlıq Qarabağ Muxtar Vilayəti”ndə və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalayıb, həmin fərmanın 7-ci bəndində Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinə Bakı və Gəncə şəhərində və digər yaşayış məntəqələrində qadağan saatı tətbiq edilməsi də daxil olmaqla hər cür lazımi tədbirlər görmək təklif edilib.
Qanlı 20 yanvar günü
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi MixailQorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.
Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.
Qoşunların qanunsuz yeridilməsi həm də dinc əhali arasında kütləvi həbslərlə müşayiət olunub. Əməliyyatların gedişi boyunca paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib. Hərbi qulluqçular tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açılıb, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv edilib.

Tarixdən çıxarılan dərs
Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirdi. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak etdi.
Bu hadisə Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb.