"Səkkiz" serialının yayımı zamanı söyüş məzmunlu ifadələrin efirə verilməsinə görə “ARB” kanalının yayımı 3 saatlıq dayandırılacaq.

Bu barədə Teleqraf-a Audiovizual Şuradan məlumat verilib.

Bildirilib ki, 10 yanvar tarixində kanalın efirində saat 23.00-23.55 arası yayımlanan "Səkkiz" serialında personajlardan biri söyüş məzmunlu ifadələrdən istifadə edib və yayım zamanı bu səsləndirmə texniki vasitələrlə məhdudlaşdırılmayıb.

"Beləliklə, "Media haqqında" Qanunun 14.1.6-cı maddəsinin tələbinin (əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir) pozulması halı baş vermiş və pozuntu faktı Audiovizual Şuranın mütəxəssisləri tərəfindən təsbit olunub.

Qeyd olunanlar nəzərə alınaraq Audiovizual Şuranın üzvləri "ARB" kanalına qarşı sanksiya tətbiq edilməsi və kanalın yayımının 15 yanvar tarixində 3 saatlıq dayandırlması barədə qərar qəbul ediblər", - məlumatda qeyd edilib.