BAKI, 8 yanvar. TELEQRAF

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda mövcud ştat vahidləri və daxili imkanlar hesabına “Müasir Azərbaycan dili” şöbəsinin bazasında “Müasir Azərbaycan dili və nitq mədəniyyəti” şöbəsi yaradılır.

Teleqraf xəbər verir ki, bu barədə AMEA məlumat yayıb.

Bildirilib ki, yanvarın 7-də AMEA Rəyasət Heyətində İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi zamanı Azərbaycan dilinin saflığının qorunması istiqamətindəki çağırışlarına həsr olunmuş müşavirə keçirilib.

Akademik İsa Həbibbəyli qeyd edib ki, dövlət başçısının yerli televiziya kanallarına müsahibəsi zamanı Azərbaycan dilinin saflığının qorunması ilə bağlı növbəti çağırışı alimlər qarşısında mühüm vəzifələr qoyur.

Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli bildirib ki, hazırda "Azərbaycan dilinin orfoqrafiya lüğəti” və “Azərbaycan dilinin orfoepiya lüğəti” hazırlanır, həmçinin milli dil korpusu yaradılır.