BAKI, 23 dekabr. TELEQRAF

Türkiyədə rəqəmsal mühitdə, sosial media və oyun platformalarında uşaqlarla əlaqədar hüquqi tənzimləmə həyata keçiriləcək.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda deyib.

O bildirib ki, yaxın zamanda bu barədə müvafiq qərarlar təqdim ediləcək.

"Biz uzun müddətdir bunun üzərində çalışırıq. Bilirsiniz ki, bir sıra ölkələrdə 13-15 yaşlı uşaqların sosial şəbəkələrə və internetə çıxışı ilə bağlı məhdudiyyətlər tətbiq edilib. Bu kimi məsələlər bizdə də uzun müddətdir işlənilir və ciddi addımlar atmağa hazırlaşırıq".

O qeyd edib ki, Türkiyədəki 2024-2028-ci ildəki strategiya sayəsində uşaqların rəqəmsal mühitdə müdafiəsi həyata keçirilir:

"Rəqəmsal mühitdə ailənin dəstəklənməsi çox vacib məsələdir. Turkiyə uşaqların qorunmasını qurumlar arasındakı əlaqə və ailələrlə aparılan intensiv iş sayəsində həyata keçirə bilir. Dost tətbiqlər vasitəsilə ilə uşaqlar üçün zərərsiz rəqəmsal mühit qurmağa çalışırıq. Həmçinin, rəqəmsal mühitdəki zərərli informasiyaları müəyyən edərək, uşaqlar üçün əlçatmaz hala gətirməyə çalışırıq".