BAKI, 10 dekabr. TELEQRAF
2025-ci ilin 10-11 dekabr tarixlərində Astana şəhərində Qazaxıstan Respublikası Ali Məhkəmə Şurasının 10 illik yubileyinə həsr olunmuş “İnsan hüquqlarının müdafiəsi və səmərəli ədalət mühakiməsi: milli ənənələrin və beynəlxalq standartların balanslaşdırılması” mövzusunda beynəlxalq forum keçirilib.
Şuradan Teleqraf-a verilən xəbərə görə, tədbirdə Məhkəmə-Hüquq Şurasının üzvləri – Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov, Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev və Xankəndi Şəhər Məhkəməsinin sədri İlkin Abdullayev iştirak ediblər.
Sözügedən forum hakimlərin, həm yerli, həm də beynəlxalq səviyyədə tanınmış alimlərin, ekspertlərin, praktiki mütəxəssislərin, dövlət orqanlarının, eləcə də diplomatik korpusun nümayəndələrinin iştirakı ilə Qazaxıstan Respublikasının Ali Məhkəmə Şurası yanında Ədliyyə Akademiyası tərəfindən Qazaxıstan Respublikasının Türk Məhkəmə Təlim Şəbəkəsinə sədrliyi çərçivəsində təşkil olunub.
Tədbirdə ədalət mühakiməsinin həyata keçirilməsi prosesində insan hüquqlarının müdafiəsi ilə bağlı milli və beynəlxalq əsasda tətbiq olunan yanaşmalar arasında tarazlığa dair aktual məsələlər geniş müzakirə olunub, insan hüquqlarının qorunması və ədalət mühakiməsinin səmərəliliyinin artırılması sahəsində qarşılıqlı və faydalı əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.
Forum insan hüquqlarının mühafizəsi və ədalət mühakiməsinin effektivliyinin yüksəldilməsi xüsusunda zəngin bilik və təcrübələrin öyrənilməsinə mühüm töhfə verib.
***
15:11
Astanada Qazaxıstanın Ali Məhkəmə Şurasının 10 illiyinə həsr olunan Türk Dövlətlərinin Məhkəmə-Hüquq Tədris Şəbəkəsinin Beynəlxalq Forumu keçirilib.
Ali Məhkəmədən Teleqraf-a verilən xəbərə görə, “İnsan hüquqlarının müdafiəsi və effektiv ədalət mühakiməsi: milli ənənələr və beynəlxalq standartlar arasında balans” mövzusunda təşkil olunan forumda hakim kadrlarının hazırlanması və seçilməsi sahəsində müasir yanaşmaların müzakirəsi üçün platforma rolunu oynayır.
Forumda Azərbaycan, Qırğızıstan, Türkiyə və Özbəkistan nümayəndə heyətləri, dövlət qurumlarının və məhkəmə sisteminin təmsilçiləri, deputatlar, alimlər və beynəlxalq ekspertlər iştirak edirlər.
Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü, Ali Məhkəmə sədrinin müavini Çingiz Əsgərov bildirib ki, Azərbaycan Məhkəmə-Hüquq Şurasının nümayəndə heyəti konfransda iştirak edir. “Konfransın əhəmiyyəti çox böyükdür. Çünki bu, bir daha bizim türk qardaş ölkələrlə eyni istiqamətdə əməkdaşlığı inkişaf etdirmək niyyətində olduğumuzu təsdiq edir. Bu forumda Məhkəmə-Hüquq şuraları daxilində hakimlərin hazırlanması, seçilməsi və təyin edilməsi proseslərinin müzakirəsi nəzərdə tutulur. Əlbəttə ki, ölkələrimiz arasında bu sahədə təcrübə və bilik mübadiləsi aparılacaq və bu, çox faydalı olacaq. Biz, Azərbaycan məhkəmə sistemi olaraq, türk dövlətləri arasında əməkdaşlığa böyük önəm veririk. Çünki Azərbaycan Prezidentinin dediyi kimi, biz türk ailəsinin üzvüyük və türk dövlətləri ilə əməkdaşlıq bizim üçün prioritetdir”, – deyə o vurğulayıb.
Çingiz Əsgərovun sözlərinə görə, Azərbaycanın Ali Məhkəməsi türk dövlətləri Ali məhkəmələrinin konfransının təsis olunması təşəbbüsü ilə çıxış edib və iki il əvvəl Şuşada bu barədə bəyanat imzalanıb: “Bu formatın, həmçinin Məhkəmə-Hüquq şuraları konfransının inkişaf etdirilməsi əməkdaşlığımızı daha da dərinləşdirir, hər bir ölkənin məhkəmə sisteminin inkişafına böyük fayda və təkan verir”.
Qeyd edək ki, Türk Dövlətlərinin Məhkəmə-Hüquq Tədris Şəbəkəsi 2022-ci ildə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hakim hazırlığı üzrə qurumları arasında Anlaşma Memorandumuna uyğun olaraq yaradılıb.