BAKI, 3 dekabr. TELEQRAF

Azərbaycanda xəritəçilik sahəsi uzun və dinamik inkişaf yolu keçib.

Teleqraf xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Xəritəçilik Qurumları Rəhbərlərinin 2-ci İclasında Ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov deyib.

O bildirib ki, xəritəçilik üzrə əməkdaşlığın daha da sürətlənməsinə böyük önəm verilir.

"Təbii ehtiyatların xəritələnməsi və regional ekosistemin vahid sisteminin formalaşdırılması TDT qarşısında duran əsas prioritetlərdən biridir. Təşkilatın beynəlxalq nüfuzu getdikcə artır. TDT çərçivəsində müxtəlif platformalar üzrə əməkdaşlıq genişlənir. Hazırda təşkilat daxilində regional səviyyədə vahid standartların yaradılması və ortaq tematik xəritəçilik mexanizmlərinin genişləndirilməsi üçün ciddi imkanlar mövcuddur”, - o əlavə edib.

R. İsmayılov qeyd edib ki, qarşıdakı dövrdə xəritəçiliyin inkişafı üçün Azərbaycan töhfə verməyə hazırdır.

Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Merey Mukajan isə bildirib ki, artıq türkdilli ölkələr öz xəritələrini formalaşdırmağa başlayıblar.

Onun sözlərinə görə, gələcəkdə hərbi xəritələrin hazırlanması ilə bağlı müzakirələri də daha da genişləndirəcəyik.

"Son müddət ərzində Kartoqrafiya İnstitutunun nümayəndələri bir sıra görüşlər keçiriblər. Türkdilli ölkələrin xəritəsinin hazırlanması ilə bağlı müzakirələr aparılıb. Bu görüşlər bizim üçün çox önəmlidir", - o əlavə edib.