BAKI, 3 dekabr. TELEQRAF

Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasına üzv ölkələrin yanğın-xilasetmə xidmətləri rəhbərlərinin XXVI Beynəlxalq Konfransının ölkəmizdə keçirilməsi bizim üçün böyük əhəmiyyət kəsb edir.

Teleqraf xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov beynəlxalq konfransın açılışında çıxışı zamanı deyib.

Nazir bildirib ki, Fövqəladə Hallar Nazirliyi xarici tərəfdaş qurumlarla qarşılıqlı tərəfdaşlığın genişlənməsinə böyük önəm verir:

"Biz bu tədbiri beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addım hesab edirik. Prezident İlham Əliyevin Sərəncamı ilə 2005-ci ildə yaradılan Fövqəladə Hallar Nazirliyi hadisələrə çevik reaksiya verir. Azərbaycanda son illər sənaye və infrastruktur şəbəkəsinin yaradılması fövqəladə hallardan qorunma məsələsini də diqqətdə saxlayır. Fövqəladə Hallar Nazirliyi beynəlxalq müstəvidə əməkdaşlığı genişləndirir. 2023-cü ildə Türkiyə, 2012-ci ildə İranda baş verən zəlzələlərdə nazirliyin gördüyü işləri buna nümunə göstərmək olar".